Azərbaycanda Elektron Ticarət – 2020 Pandemiya Dövründə

elektron ticarət azərbaycanda 2020 pandemiya dövründə
elektron ticarət azərbaycanda 2020 pandemiya dövründə

Başlanğıc olaraq qısa izah versək, elektron ticarət məhsul və xidmətlərin onlayn formada satışıdır. 1995-ci ildən internetin bütün dünyaya yayılması ilə həyatımıza daxil olan bu sahə, həm işimizi asanlaşdırmaqla, həm də ənənəvi ticarətə nəzərən xərcləri daha aza endirməklə həyatımızın əsas hissəsinə çevrilir.

Azərbaycanda Elektron Ticarət və Pandemiyanın Təsiri

Corona pandemiyası ilə birlikdə böyük bir yüksəliş yaşayan elektron ticarət Azərbaycanda da hədəf kütləsini böyütdü. Virusun yayılma sürətinin azaldılması üçün icazəylə çölə çıxmaq, mağazaların və restoranların bağlanması kimi tədbirlər insanları onlayn xidmətlərdən istifadə etməyə vadar etdi. Beləliklə, Azərbaycanda elektron ticarət istifadəsi 2 dəfədən artıq böyüdü. Böyük bir kütlənin ilk təcrübəsi olduğu üçün, burada iki situasiya baş verdi;

  1. Onlayn satışa hazır olmayan və bu infrastrukturu qurmamış bir çox şirkətlər, pandemiya müddətinin də gətirdiyi çətinliklərlə birlikdə yeni istifadəçilərə pis təcrübə yaşatdı. Beləliklə, bu istifadəçilər tərəddüdlərində haqlı çıxdıqlarını düşünərək sektor üçün artıq itirilmiş kütləyə çevrildi.
  2. Düzgün infrastrukturu qurulmuş şirkətlər situasiyadan düzgün istifadə edərək və keyfiyyətli xidmət göstərərək bir qisim kütləyə onlayn xidmətlərin rahatlığını göstərmiş və onları onlayn sifarişə biraz daha yaxınlaşdırmışdır.

 

Bu İnkişaf Corona Sonrasında da Davam Edəcək mi?

Hazırda şirkətlər üçün məmnun e-ticarət müştərilərini loyal müştərilərə çevirməyin ən ideal vaxtıdır. Xidmət səviyyəsini yüksəltmək və düzgün yenidən hədəfləmə/satış strategiyası qurmaq həm şirkətlərin həm də ölkədə ümumi sektorun inkişafına yüksək təsir edəcək. Şirkətlər əsas güclərini mövcud məmnun müştəriləri loyal müştərilərə çevirməyə yönləndirməlidir. Çünki fiziki ticarətləri istər xərc, istərsə də operasiya baxımından daha sərfəsizdir. Bu imkanlardan istifadə edib onları onlayn müştərilərə çevirsələr, xərcləri azaltmaqla yanaşı gəliri yüksəldə bilərlər.

Digər addım isə itirilmiş müştəriləri geri qazanmaqdır (bax: İtirilmiş E-Ticarət Müştərilərini Geri Qazanmağın 7 Yolu ). Hansı ki, yuxarıdakı situasiyaya nəzərən bu daha çətin olsa da, kütləni böyütmək üçün gərəkli addımdır. Bəs bunu necə edə bilərlər? Təbii ki xidməti təkmilləşdirmək, öncə yaşanan problemlərə görə üzrvə təkrar sifarişlərdə müxtəlif təkliflər verərək. Bu müəyyən bir büdcə ayrılaraq aparılmalı bir kampaniya olsa da, şirkətlər əmin olmalıdır ki itirilmiş elektron ticarət müştərilərini təkrar qazanmaq onlara uzun vədədə çox daha böyük faydalar verəcəkdir.

 

2020-ci ilin Uğurlu Şirkətləri

Bu il məlum situasiya səbəbilə bir çox şirkətlər birdəfəlik və ya müvəqqəti bağlansa da, vəziyyəti öz leyhinə istifadə edərək daha da yüksəliş əldə etmiş və ya yeni qurulmuş şirkətlər də az olmadı. Gəlin bir neçəsinin fəaliyyətini analiz edək:

Kontakt Home

Siyahıya rəhbəri olduğum Kontakt.az ilə başlamaq istəyirəm – hansı ki ölkədə elektron ticarət üzrə elektronika və məişət kateqoriyasında ən uğurlu şirkət oldu deyə bilərik. Mart ayında – pandemiya başlanğıcında öncəki sayta nəzərən onlarla yeni funksiyaya malik yeni saytı istifadəyə buraxdıq. Düzgün qurduğumuz infrastruktur və şirkətin bütün şöbələrinin ahəngli işi nəticəsində pandemiya imkanları daxilində çatdırılmanı eyni günə qədər endirdik. Müxtəlif kampaniyalar, endirimlər və fasiləsiz xidmət ilə müştəri məmnuniyyətini 95% üstünə qaldırdıq. Onlayn müştəri kütləmizi isə bir neçə dəfəyə qədər artırdıq. Ümumilikdə 2020 kontakt.az üçün ən uğurlu il oldu deyə bilərik.

TukTuk

Onlayn supermarket kimi fəaliyyət göstərən Tuktuk, 15 dəqiqəyə çatdırılma təklifi ilə qısa zamanda müəyyən bir loyal kütlə yığmağı bacardı. Pandemiya müddətində fəaliyyətə başlayan bu proyekt, əsasən də sms-icazə səbəbilə evdən çıxma məhdudiyyətli olanlar üçün ideal bir xidmət oldu. Bir neçə dəfə istifadə etmə imkanı əldə etdim və söz verdikləri müddətdə çatdırılmanı həyata keçirdilər. Daimi yaşadığım bölgə xidmət əhatələrinə daxil olmadığı üçün loyal müştəriləri ola bilmədim, lakin əhatə dairələri genişləndikdə daha üstün təkliflər verən bir alternativi çıxmazsa bu xidmətin loyal istifadəçisi ola biləcəyimi də qeyd edim.

 

Wolt və Hungry.az

Müxtəlif sektorlardan nümunə verməyə çalışıram lakin online yemək sifarişi üzrə iki şirkətin də uğurlu iş çıxardığını düşündüyüm üçün hər ikisini qeyd etmək istədim. Restoranların bağlı olduğu müddət ərzində insanlara hazır yemək çatdırılması xidməti göstərən Wolt və Hungry.az böyük ölçüdə fərqləndi. Belə ki, bu həm böyük maddi itkilərlə üzləşən restoranlara bir dəstək oldu, həm də müştəriləri dadlı restoran yeməklərindən məhrum qalmağa imkan vermədi.

Wolt ən yaxşı UX-a sahib mobil tətbiqlərdən biridir. Çox rahat və istifadəyəyararlı olduğu üçün hər kəs asanlıqla istifadə edə bilər. Həmçinin tətbiqin texniki tərəfi də çox yaxşı hazırlanıb və istifadə etmək zövq verir.

Hungry.az isə xidmət və qiymət, habelə çatdırılma ərazisinin genişliyinə görə mənə görə bu müddətdə yaxşı iş çıxardı. Loyal bir kütlə qazandığın düşünürəm. Artıq hungry kuryerlərini şəhərin bütün istiqamətlərində tez-tez görmək olur.

 

Bu yazını çox uzatmadan yekunlaşdırmaq istəyirəm. Növbəti yazılarımda bu şirkətlərin işlərini – prosesləri və nəticələrini daha ətraflı analiz edib onlar barədə yazmağa çalışacağam. Növbəti yazılarda görüşənədək, hələlik!

 

Nihad Abdullayev
Nihad Abdullayev